Tibbi Məlumatlar

Varikoz xəstəliyi

Varikoz nədir?

 
Varikoz xəstəliyi venoz damarların patoloji genişlənməsidir. Bu xəstəlik daha çox ayaqlarda rast gəlinir. Xəstəliyin əmələ gəlməsində bir çox faktorların rolu vardır. Bunlarada əsasən aşağıdakılar aiddir:
 
- İrsiyyət. Bu, varikoz xəstəliyinin inkişafında əsas risk faktorlarından biri hesab olunur. Ailəsində, yaxın qohumlarında varikoz xəstəliyi olan insanlarda damar genişlənməsinin əmələ gəlmə ehtimalı daha yüksək olur;
 
- Qadın cinsinə mənsub olmaq. Varikoz xəstəliyi qadınlar arasında daha çox yayılmışdır. Statistik məlumatlara görə, bu xəstəlik qadınlarda kişilərə nisbətən 3-4 dəfə artıq təsadüf edilir;
 
- Hamiləlik və doğuş. Hamiləlik vaxtı qadınların 50%-də varikoz xəstəliyinin ilkin əlamətləri meydana çıxır. Orqanizmdə baş verən hormonal dəyişiklik venaların tonusunun azalmasına səbəb olur. Həmçinin ana bətnində olan dölün böyüməsi nəticəsində çanaq venaları sıxılır və aşağı ətraf venalarında təzyiq artır. Bütün bunlar hamilə qadınlarda damar genişlənməsini yaradır;
 
- Artıq çəki. Bədən çəkisinin artıq olması ayaqlara düşən yükü artırır və damar genişlənməsinə səbəb olur;
 
- Ağırlıq qaldırılması ilə əlaqəli olan işlər və idman növləri. Ağır fiziki işlə və gərgin idman növləri ilə məşğul olan insanlarda varikoz xəstəliyinin yaranma ehtimalı yüksəkdir;
 
- Daimi ayaq üstə və ya oturaq vəziyyətdə olan iş rejimi. Bu vəziyyətdə işləyən insanların ayaqlarında venalar gərginliyə məruz qalırlar. Nəticədə damarların genişlənmə ehtimalı artır;
 
- Hormonal və kontraseptiv dərmanların qəbulu. Belə preparatlar bəzi hallarda damar divarın tonusunu zəiflədir və elastikliyini artırır. Buna görə, damarlar genişlənməyə meyilli olur. Bundan başqa, həmin preparatların qəbulu damardaxili trombların da yaranma riskini yüksəldir.